Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Şəmkir Rayon İcra Hakimiyyəti və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.
Şəmkir rayon Zəyim Cırdaxan kənd Coşqun Abdiyev adına tam orta məktəbində təşkil edilən tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, Şəmkir RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, məktəbin direktor əvəzi İsmayıl Qasımov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışçılar insan hüquqlarının və azadlıqlarının təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi olduğunu və bunun Konstitusiyamızda təsbit olunduğunu qeyd ediblər.
***
Daha bir tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Gədəbəy Rayon İcra Hakimiyyəti, Ombudsmanın Qərb Regional Mərkəzi və Gədəbəy Rayon Heydər Əliyev Mərkəzinin birgə iştirakı ilə keçirilib.
"Heydər Əliyev və Azərbaycanda insan hüquqları" mövzusunda keçirilən tədbirdə Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib, Heydər Əliyev siyasətində insan hüquq və azadlıqlarına verilən önəmdən bəhs edilib.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Bərdə şəhər Asan Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə İnsan hüquqları aylığı çərçivəsində “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, Bərdə şəhər Asan Xidmət Mərkəzinin vətəndaşların hüquqlarının təminatı sektorunun baş məsləhətçisi Bəhruz Abdullayev, Bərdə şəhər Gənclər və İdman İdarəsinin müdir müavini Aydın Qasımov, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə mövzunun əhəmiyyətindən bəhs edilib. Qeyd edilib ki, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Ölkəmizdə insanların dini etiqad azadlığı maksimum səviyyədə qorunur və öz inanclarına uyğun ayinlərin həyata keçirilməsi təmin edilir. Həmçinin dini radikalizm, dini ekstremizmin, xurafatın cəmiyyətimizdə insan hüquq və azadlıqlarına yaratdığı fəsadlar və onlara qarşı aparılan mübarizə yolları haqqında məlumatlar verilib.
Tədbirdə İnsan Hüquqları Aylığı ilə bağlı videoçarx nümayiş olunub.