Bölgələrdə erkən nikah və uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş tədbirlər keçirilib
19 noyabr 2021, 09:00

Bölgələrdə erkən nikah və uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş tədbirlər keçirilib. Belə ki, noyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Lüləkəran kənd tam orta məktəbində “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, rayon Polis Şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun baş inspektoru, polis kapitanı Amil Kərimov, məktəbin direktoru Arzuman Ağayev, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Noyabrın 19-da Agcabədidə “Uşaq hüquqlarına əməl edək və erkən nikahlara yox deyək” mövzusunda keçirilən tədbirdə isə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova, rayon MKS-in müdiri Məhəbbət Əliyeva, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin əməkdaşı Nurəddin Hacıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki tədbirdə mövzunun əhəmiyyətindən bəhs olunub. Erkən nikahların cəmiyyətimizdə yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında danışılıb. Erkən nikah halları insan hüquqlarının pozulması kontekstində izah edilib. Eyni zamanda o da qeyd olunub ki, Azərbaycan Respublikasında uşaqların hüquqları və azadlıqları dövlətimiz tərəfindən qorunur.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.