Göyçay, Ağcabədi rayonlarında, Sumqayıt və Şəki şəhərlərində din xadimləri, həmçinin din xadimi olmaq istəyən namizədlərin iştirakı ilə görüşlər keçirilib. Təşkil edilən görüşlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq olaraq bölgələr üzrə şöbə müdirləri Əzim Rəfiyev, Əlizadə Nəcəfov, Yalçın Abdullayev, Taleh Abdullayev, eləcədə şöbələrin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin bölgələr üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov, Cavid Səfərov, Rauf Sərdarov, Kamran Məmmədov, Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri Mehman Nəsirov və din xadimləri iştirak ediblər.
Görüşlər zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən mayın 24-də İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün elan edilmiş müsahibə şərtləri ilə tədbir iştirakçıları tanış edilib, müsahibə qaydası açıqlanıb və lazım olan sənədlərin siyahısı diqqətə çatdırılıb.
Ardınca tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.