Bölgələrdə Aprel döyüşlərinin ildönümü qeyd edilib
07 aprel 2026, 18:00

Aprelin 7-də Zaqatala şəhəri Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbində Aprel döyüşlərinin 10-cu ildönümü ilə əlaqədar “Qəhrəmanlıq və mübarizə əzmi: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, şəhid Rəvan Nurayevin anası Havva Nurayeva, müəllimlər və məktəblilər iştirak ediblər.
Daha bir tədbir aprelin 7-də Qusar rayonunda baş tutub. “Aprel döyüşləri: tarixdən qəhrəmanlıq dərsləri” mövzusunda keçirilən tədbirdə Komitənin regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, “Mustafa Kazdal” məscidinin dini ayinlərinin icraçısı Vadir Mustafayev, gənclər və yeniyetmələr iştirak ediblər.
Aprelin 7-də Hacıqabul şəhəri 10 nömrəli tam orta məktəbində “Aprel döyüşləri və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirə regional bölmənin aparıcı məsləhətçisi Sadiq Məmmədov, müəllimlər və məktəblilər qatılıblar.

Çıxışlarda diqqətə çatdırılıb ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini, Vətənə olan sonsuz məhəbbətini dünyaya bir daha nümayiş etdirdi. Bu döyüşlərin 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfərə gedən yolun başlanğıcı olduğu bildirilib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, onların öz tarixi keçmişlərinə hörmətlə yanaşmasında və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rola malik olduğu qeyd edilib.