Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran, Masallı, Yevlax, Quba bölgələri üzrə şöbələri və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə yanvarın 17-də 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə DQİDK-nın bölgə şöbələrinin əməkdaşları, rayon icra hakimiyyətləri, idarə və müəssisələrin nümayəndələri, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı 20 Yanvar hadisəsinin xalqımızın qəhrəmanlıq tarixində önəmli yer tutduğu vurğulanıb. Vətən uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyi qeyd edilib. 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışılaraq bildirilib ki, bu hadisə Azərbaycan xalqının yaddaşına qürur günü kimi yazılıb. Diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.