İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Yeni Azərbaycan Partiyasının (YAP) Hacıqabul rayon təşkilatı və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Tarixi Zəfərə” adlı tədbir keçirilib. Tədbirdə Hacıqabul RİH başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmiraslanov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Alpay Şərifli və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Komitənin Gəncə bölgəsi üzrə şöbəsi, eləcə də Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə 2 saylı Asan xidmət mərkəzində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar keçirilən tədbirə şöbə müdiri Həsən Məmmədov, Gİİ rəisi Həmid Nəsirov, Asan xidmət mərkəzinin rəhbəri Arzu Qocayev və könüllülər qatılıblar.
Saatlı Gənclər Evi sosial xidmət müəssində DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimyyəti, YAP-ın Saatlı Rayon təşkilatı, Gənclər və İdman İdarəsinin Milli Qurtuluş Günü ilə əlaqədar birgə təşkil etdiyi dəyirmi masada Dövlət Komitəsinin nümayəndəsi Elvin İbrahimov, Saatlı RİH Aparatının dini məsələlərdən məsul şəxsi Elşən Əzizov, YAP-ın rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, sosial xidmət müəssinin rəhbəri Aqşin Məmmədov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin İmişli rayon Gənclər və İdman idarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə Yalavac kənd tam orta məktəbdə birgə təşkil etdikləri tədbirdə müvafiq olaraq, adıçəkilən qurumların nümayəndələri Bəhrəm Ədalətoğlu, Ramin Fərəcov, İlkin Quluzadə, məktəbin direktoru Nigar Fərəcova, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirlərdə çıxışlar zamanı Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunmasının, ölkəmizin dünya birliyində layiqli yer tutmasının məhz Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olması barədə danışılıb. Qeyd edilib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildi. Məhz Ulu Öndərin bütün Azərbaycan miqyasında həyata keçirdiyi xilaskarlıq missiyası, əsasını qoyduğu dövlət-din münasibətləri, milli - mənəvi və dini dəyərlər sahəsində həyata keçirdiyi mütərəqqi islahatlar sayəsində bu sahədə tüğyan edən böhran aradan qaldırdı və inkişafın təməli qoyuldu.