Oktyabrın 24-də Bakı şəhəri Binəqədi rayonu “Came” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı regional bölməsinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Bakı regional bölməsinin əməkdaşı Amal Məlikov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda erkən nikah probleminin yaranma səbəbləri, onun törətdiyi fəsadlar və ona qarşı mübarizə yolları barədə ətraflı danışılıb. Bu sahədə maarifləndirmə tədbirlərinin rolu xüsusi qeyd edilib.
Tədbir diskussiya formatında davam etdrilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.