Biləsuvarda “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda tədbir keçirilib
16 dekabr 2021, 04:27

Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi, Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Biləsuvar RİH-in məsul əməkdaşı Məhərrəm Qurbanov, gənclər və məktəblilər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması, gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır”. Vurğulanıb ki, respublikanın gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar milli ənənələrimizə, milli dəyərlərimizə söykənərək soykökünə bağlı şəxsiyyətin formalaşdırılmasına xidmət etməlidir. Bildirilib ki, müasir tərbiyədə məktəbli, müəllim, valideynlər arasında münasibətlərin yeni prizmada tənzimlənməsi, tərbiyə işində ideal məqsədin məzmununun müasir tələblər baxımından dəyişməsi, yeniləşməsi və təkmilləşməsi humanitar fənlərin məzmununda ifadə olunmuş milli-mənəvi dəyərlərə kompleks yanaşmağı tələb edir.