Biləsuvarda “İslam həmrəyliyi - sülhə aparan yol” layihəsi çərçivəsində tədbir keçirilib
22 dekabr 2017, 02:34
Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Biləsuvar rayonu İsmətli kənd “Əbülfəzl” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi - sülhə aparan yol” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev, Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, dini icma sədri Hadi İsgəndərov, İsmətli kənd tam orta məktəbinin direktoru Ağamməd İbayev, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin əsas məqsədi də İslam həmrəyliyinin bərqərar olunmasında Azərbaycanın özünəməxsus rolunu gücləndirməkdir. Natiq bütün səmavi dinlərin bəşərə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin etdiyini bildirib.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov bildirib ki, qloballaşma dövründə milli-mənəvi dəyərlərimizin və bu dəyərlərimizin tərkib hissəsi olan dini dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılması əsas vəzifələrdəndir. O, İslamın düzgün şəkildə gənc nəslə çatdırılmasının zəruriliyini vurğulayıb.
Çıxış edən digər natiqlər Prezident İlham Əliyevin ölkəmizdə multukultural dəyərlər, həmrəylik, dinlər və mədəniyyətlərarası dialoqla bağlı siyasətini dəstəklədiklərini bildiriblər.
Daha sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.