Biləsuvarda “Dinin siyasiləşdirilməsi və ideoloji təhdidlər: din xadimləri üçün preventiv yanaşmalar” mövzusunda təlim keçirilib
24 sentyabr 2026, 16:32

Sentyabrın 24-də Biləsuvarda “Dinin siyasiləşdirilməsi və ideoloji təhdidlər: din xadimləri üçün preventiv yanaşmalar” mövzusunda təlim keçirilib.

Təlimdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov milli-mənəvi dəyərlərin qorunması və zərərli ideoloji meyillərin qarşısının alınmasında elmi-metodoloji çərçivənin əhəmiyyətindən danışıb.

M.Mürsəlov ideoloji təhdidlərin yaranma səbəbləri və əsas risk mənbələri barədə məlumat verib. Qeyd edib ki, sözügedən təhdidlərin yayılmasında transmilli ekstremist şəbəkələr və rəqəmsal platformalarda yayılan dezinformasiyalar əsas amillərdəndir.

Təlimdə cəmiyyətin zərərli ideologiyalara qarşı müqavimətini artırmaq üçün psixoloji metodlardan və dini mətnlərin düzgün izahından istifadənin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, manipulyativ təbliğat üsulları haqqında öncədən məlumatlandırma bu cür ideoloji təsirlərə qarşı sağlam düşüncə və müqavimətin formalaşması baxımından çox mühümdür.

Məruzəçi beynəlxalq təcrübədəki müxtəlif profilaktik yanaşmaları nümunə göstərərək, dini liderlərin maarifləndirmə sahəsindəki vacib rolunu vurğulayıb.

Tədbir din xadimlərini maraqlandıran sualların cavablandırılması və mövzu ətrafında müzakirələrlə yekunlaşıb.