İyulun 16-da Biləsuvar şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə “Cəmiyyətin korrupsiyaya qarşı məsuliyyəti və dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Cavid Dadaşov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxış edən natiqlər korrupsiyanın yalnız ayrı-ayrı şəxslər üçün deyil, bütövlükdə cəmiyyətin mənəvi, siyasi və iqtisadi sistemləri üçün təhlükəli bir problem olduğunu vurğulayıblar. Bildirilib ki, bu problemin həlli yalnız dövlət qurumlarının deyil, cəmiyyətin bütün təbəqələrinin birgə səyi ilə mümkündür. Qeyd olunub ki, korrupsiyaya qarşı mübarizədə əsas istiqamətlərdən biri də həyatın bütün sahələrində dürüstlük və şəffaflığın təşviqidir. Bu istiqamətdə dini dəyərlərin və din xadimlərinin maarifləndirici rolu xüsusilə əhəmiyyətlidir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.