Sentyabrın 25-də Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi və rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin məsləhətçisi Cavid Dadaşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəzadə, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, şəhid ailələrinin üzvləri və rayon ziyalıları iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb.
Çıxışlarda qeyd edilib ki, Azərbaycanın müstəqilliyini təcəssüm etdirən dövlət bayrağımız ölkəmizin hər bir vətəndaşı tərəfindən müqəddəslik, azadlıq və qürur mənbəyi kimi qəbul olunur. O da bildirilib ki, suverenliyimizin rəmzi olan bayrağımızın bu gün işğaldan azad edilmiş əzəli torpaqlarımızda da dalğalanması hər birimizdə böyük fərəh hissi oyadır.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Nicat tapanlar” sənədli filmi nümayiş etdirilib.