Mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Beyləqan rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Beyləqan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Məhəmməd Nüfərov, Beyləqan rayonu 1-ci Şahsevən kəndi Gəray Əsədov adına tam orta məktəbinin direktoru Elnurə Kazımova, Beyləqan rayonu “Cərcis Peyğəmbər ziyarətgahı” məscidinin imam müavini Məhəmməd Sadıqov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizmin mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.