Beyləqanda 26 - iyun Silahlı Qüvvələr Günü münasibətilə maariflədirmə tədbiri keçirilib
24 iyun 2023, 08:32

İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyinin 2023-cü il üçün birgə fəaliyyət planına əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi və   Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərli Cəfərsadiq, Bəhrəm Ədalətoğlu, Elvin İbrahimov, Beyləqan rayon “N” saylı hərbi hissə komandirinin ideoloji və mənəvi psixoloji təminat üzrə köməkçisi mayor Rəhim Süleymanov, Beyləqan rayonu Şəfəq qəsəbəsi “Həzrəti Cərciz Peyğəmbər” məscidinin imam müavini Məhəmməd Sadıqov, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.

Çıxışlar zamanı dini radikalizm və ekstremizmin acınacaqlı nəticələrindən söz açılaraq ölkələrin böyük fəlakətlərlə üzləşdiyi diqqətə çatdırılıb. Eyni zamanda məkrli məqsədlərinə nail olmaq üçün  dini, milli və məzhəb ayrı-seçkiliyi salaraq cəmiyyəti parçalamaq istəyən xarici dini mərkəzlərə bağlı radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması, onların zərərli təbliğatı əleyhinə fəal şəkildə mübarizə aparılmasının vacibliyi vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.