Beyləqan rayonundakı “N” saylı hərbi hissədə maarifləndirici tədbir keçirilib
12 iyun 2023, 02:46

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyinin 2023-cü il üçün birgə fəaliyyət planına əsasən, iyunun 10-da DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik hisslərinin gücləndirilməsində şəxsi heyətlə iş üzrə zabitlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Ədalətoğlu,  Elvin İbrahimov,  Beyləqan rayon  “N” saylı hərbi hissə komandirinin  ideoloji və mənəvi psixoloji  təminat  üzrə müavini Rauf Niyazov,  Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri, Vətən müharibəsi iştirakçısı Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Çıxışlar zamanı radikalizmin formalaşması, yayılması metodları, əhatə dairəsi barədə məlumat verilib, bu zərərli tendensiyaya qarşı mübarizə çərçivəsində milli-mənəvi dəyərlərimizin təbliğatının genişləndirilməsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib. Daha sonra  şəhidlik anlayışından, Vətən yolunda şəhid olanların örnək həyat hekayələrindən bəhs edilib. Şəhidliyin İslam dinində ən ali mərtəbə olduğu diqqətə çatdırılıb. Xalqın gələcəyə olan ümidinin gənclər olduğu və buna görə də gənclərin vətənpərvər ruhda yetişdirilməsinin ölkə üçün vacibliyi vurğulanıb.

Sonda hərbçiləri maraqlandıran suallar cavablandırılıb.