İyunun 25-də Azərbaycanın Almaniyadakı Səfirliyinin və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Müxtəliflikdə birlik: dialoqda dinlərarası sədalar” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev, Almaniyada fəaliyyət göstərən dini və ictimai qurumların nümayəndələri, diplomatlar, ictimai xadimlər iştirak ediblər.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirin keçirilməsində əsas məqsədin dinlərarası dialoqun təşviqi, müxtəlif mədəniyyət və dinlərə mənsub insanlar arasında qarşılıqlı anlayış, tolerantlığın gücləndirilməsi olduğunu bildirib. Azərbaycanda etnik və dini rəngarəngliyin qorunmasına yönələn, uğurla həyata keçirilən dövlət siyasətinin multikulturalizm və tolerantlıq sahəsində əsrlər boyu formalaşmış tarixi ənənənin daha da möhkəmlənməsinə yol açdığını qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, dünyəvi və multikultural bir ölkə kimi Azərbaycan dinlərarası dialoqa böyük diqqətlə yanaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət dini azadlıqların qorunmasını və multikultural dəyərlərin təşviqini daxili siyasətin və beynəlxalq əlaqələrin əsas elementlərindən biri kimi qəbul edir. Dövlət yalnız dini azadlıqları təmin etməklə və dinlərarası dialoqu təşviq etməklə kifayətlənmir, eyni zamanda müxtəlif konfessiyaların irsinin qorunmasına da qayğı göstərir. Dini abidələrin bərpası işlərinə yalnız Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yerləşən məscidlər, kilsələr, sinaqoqlar və müqəddəs məkanlar da daxildir. Bu öhdəliyin xüsusilə güclü nümunəsi Qarabağın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı quruculuq prosesində özünü göstərir. R. Məmmədov çıxışında Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyət istiqamətləri barədə də məlumat verib.
ABŞ-nin Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Azərbaycanın dini tolerantlıq baxımından dünyada nümunəvi ölkələrdən biri olduğunu vurğulayaraq, respublikamızda dini icmaların sərbəst fəaliyyət göstərdiyinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb və bundan məmnunluğunu ifadə edib. A. Kuper ölkəmizdə dini azadlığın yüksək səviyyədə təmin olunmasını, bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılmasını yüksək qiymətləndirərək, bu barədə dünya ictimaiyyətinin məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb.
Azərbaycan İlahiyyat İnstitutunun dekanı, dosent Elnurə Əzizova dini təhsilin prioritetlərinə toxunub. Təmsil etdiyi təhsil ocağının əsas məqsədinin doğru və zamanın reallıqları ilə çulğalaşan dini biliklərə sahib, tədqiqatları ilə elmə töhfə verən, din sahəsində ictimai şüurun formalaşmasında aktiv rol oynayan ilahiyyatçıların hazırlanması olduğunu vurğulayıb.
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili ölkəmizdəki dinlərarası və millətlərarası tolerantlıq mühiti, udi etnosunun öz ana dilini və milli adət-ənənələrini qoruyub saxlaması barədə danışıb.
Heydər məscidinin imamları Hafiz Abbasov və Rüfət Qarayev çıxışlarında İslam həmrəyliyinin önəminə diqqət çəkiblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin adını daşıyan məsciddə vəhdət namazının qılınması ilə nəinki ölkəmizdə, eləcə də bütün dünyada gözəl ənənənin əsası qoyulub. Müxtəlif məzhəb nümayəndələrinin vahid məkanda birlikdə ibadət etmələri ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin uğurlu nəticələrindən biridir.
Sefarad Yəhudilərinin Bakı dini icmasının sədri, ravvin Zamir İsayev və Azərbaycandakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal bildiriblər ki, fərqli mədəniyyətləri və dini irsi qoruyub saxlamaq dövlətin əsas prioritetlərindən biridir. Bu gün də respublikamızda yəhudilər antisemitizmdən uzaq, rahat və təhlükəsiz bir mühitdə yaşayır, siyasi, iqtisadi, sosial, mədəni həyatda fəal iştirak edirlər.
Tədbirin sonunda məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.