İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Daxili Qoşunların Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, “N” saylı hərbi hissənin komandiri Vurğun Abbasov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və hərbi hissənin şəxsi heyəti iştirak edib.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov ölkəmizdə formalaşmış dövlət-din münasibətlərinin dünyaya nümunə olduğunu qeyd edib. Komitə sədrinin müavini onu da vurğulayıb ki, bütün ömrünü vətəninə və xalqına həsr etmiş Ümummilli Lider Heydər Əliyev dövlət-din münasibətlərinin, eləcə də milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında müstəsna xidmətlər göstərmiş böyük dövlət xadimidir. Sədr müavini Heydər Əliyevin milli-mənəvi dəyərlərə münasibətini onun yaradıcısı olduğu azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsi olduğunu da diqqətə çatdırıb: “Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu Öndər azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdi”.
Səyavuş Heydərov Ulu Öndərin müəyyənləşdirdiyi bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsini özündə təcəssüm etdirən azərbaycançılıq məfkurəsinin ölkəmizin tərəqqisində müstəsna rolu olduğunu xüsusi olaraq qeyd edib.
Natiq eyni zamanda, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin multikulturalizm, tolerantlıq dəyərlərinin təbliğ edən ölkələrdən olduğunu, milli-dini birlik ideyasının Azərbaycanın dövlət siyasəti səviyyəsində həyata keçirildiyini, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyini bildirib. Dövlət Komitəsinin sədr müavini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşmələrinin, “Dəmir Yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olduğunu vurğulayıb.
Tədbirdə “N” saylı Hərbi hissənin komandiri Vurğun Abbasov və şəxsi heyətlə iş üzrə müavin Tərlan Babayev bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıblar.