Bərdədə “Dini dözümlülük və insan hüquqları” mövzusunda seminar təşkil olunub
21 may 2025, 07:20

Mayın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Bərdə Rayon İcra Hakimiyyəti (RİH), Bərdə rayonu üzrə gənclər və idman sektoru və Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Bərdə Dövlət Peşə Təhsil Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində “Dini dözümlülük və insan hüquqları” mövzusunda seminar keçirilib. 
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin məsləhətçisi Məhəmməd Rəşidov, Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Samir Nəcəfov, müəllim və tələbələr iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Çıxışlarda qeyd edilib ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il 18 may-18 iyun tarixlərində ölkədə “İnsan Hüquqları Aylığı” keçirilir. Bu çərçivədə təşkil olunan tədbirlərdə insan hüquqlarının təbliği, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi və onların qarşılaşdıqları problemlərə diqqət yetirilir.
Natiqlər vurğulayıblar ki, Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olub. Ölkəmizdə dini və etnik müxtəliflik zamanla böyük dəyərə çevrilib. Burada yəhudilik, xristianlıq kimi dinlərin mənsubları ilə yanaşı, müxtəlif səbəblərlə təzyiqlərə məruz qalmış İslam məzhəblərinin nümayəndələri də sığınacaq tapıblar. Bu gün Azərbaycan əhalisi etnik, dini və məzhəb baxımından zəngin tərkibə malikdir. Ölkəmizdə tarixən etnik və dini icmalar arasında dözümlülük münasibətləri formalaşıb və milli, irqi, dini ayrı-seçkilik halları müşahidə olunmayıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.