Balakəndə Xocalı faciəsinin 30-cu il dönümünə həsr edilmiş tədbir keçirilib
22 fevral 2022, 08:08

Fevralın 22-də Balakən Peşə Məktəbində Xocalı faciəsinin 30-cu il dönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Aynur Omarova, məktəbin direktoru Azad Dibirov, məktəbin psixoloqu Mədinə Mustafayeva, Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev və gənclər iştirak ediblər.

Öncə Şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra  Xocalı faciəsi haqqında geniş məlumat verilib və qeyd edilib ki, Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verilib. Yanvarın 28-də Prezident cənab İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncam imzaladığı və Sərəncama uyğun olaraq tədbirlər planı hazırlandığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bir daha vurğulanıb ki, bu soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir və Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur, unutmayacaqdır.

Tədbirin yekununda iştirakçılara DQİDK-nın sifarişi ilə hazırlanmış maarifləndirici ədəbiyyat təqdim edilib.