Balakəndə xalqımızın tolerantlıq ənənələrinə həsr olunmuş tədbir keçirilib
13 aprel 2023, 09:03

Aprelin 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən rayonu “Gənclər evi” sosial xidmət müəssisəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Əli Şirinov adına Qaravəli kənd tam orta məktəbində “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib.

Məktəb müəllimləri və yuxarı sinif şagirdlərinin iştirak etdikləri tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev mövzu haqqında ətraflı məlumat verərək bildirib ki, respublikamızda məskunlaşan bütün xalqların nümayəndələri mehriban bir ailə kimi daim dostluq və sülh şəraitində birgə yaşayırlar. E.Atakişiyev vurğulayıb ki, Vətən müharibəsində əldə etdiyimiz qələbədə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərləri böyük rol oynayıb.

Ardınca DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Həmrəyliyimiz, milli birliyimiz gücümüzdür”  adlı film nümayiş olunub.