Balakəndə "Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib
12 aprel 2022, 09:53

Aprelin 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən Gənclər evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Mahamalar kənd tam orta məktəbində “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva, Balakən Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşları Fuad Mikayılov, Fatma Tinətiyeva, məktəbin direktoru Kəmalə Məmmədova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə mövcud olan tolerant mühitdən və nümunəvi dövlət-din münasibətlərindən danışılıb. Əsası Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə qoyulan bu məqsədyönlü siyasətin bu gün də uğurla davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Dövlətimizin milli və mənəvi dəyərlərimizə olan qayğısı, onların bir irs kimi qorunub saxlanılmasına dair görülən işlər göz qabağındadır və bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu məqsədyönlü siyasətin nəticəsi olaraq ölkəmizdə yaradılan tolerant mühitin dünya dövlətləri üçün bir nümunə olduğu və bu uğurun davamlı olması istiqamətində cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşdüyü qeyd edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilmiş maarifləndirici ədəbiyyat və “Cəmiyyət və din” qəzeti təqdim olunub.