Mayın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən rayonu “Gənclər evi” sosial xidmət müəssisəsi, Rayon İcra Hakimiyyəti (RİH) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Rauf Hədisov adına Yeni Şərif kənd tam orta məktəbində “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, YAP Balakən Rayon Təşkilatı Gənclər Birliyinin sədri Nurlan Şibliyev, “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları Osman Əliyev və Fuad Mikayılov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb. Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Ümummilli Liderin müstəsna xidmətləri vardır.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə ərsəyə gəlmiş “Heydər Əliyev və Azərbaycançılıq” adlı sənədli film nümayiş olunub.