Balakəndə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusu müzakirə edilib
21 aprel 2022, 07:44

Aprelin 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH), Rayon Polis Şöbəsi (RPŞ) və  Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, Balakən RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın aparıcı məsləhətçisi Arzu Əliyeva, Rayon Polis şöbəsinin əməkdaşı Sahil Bayramov, Adil Əsgərov adına Qazbinə kənd tam orta məktəbinin direktoru Abdulla Əliyev, eləcə də müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Çıxışlar zamanı qeyd olunub ki, son illər Azərbaycanda ziyalı, savadlı qadınların özlərini inkişaf etdirmələri üçün münasib şərait yaradılıb. Qızların cinsi ayrı-seçkilik edilmədən təhsil almaları üçün lazım olan bütün addımlar atılıb. Lakin bu görülən işlərə baxmayaraq, kütləvi olmasa da, bəzi bölgələrdə erkən nikahlar və bunun kimi müxtəlif səbəblərdən qızların təhsildən yayınması halları baş verir. Bütün bunların qarşısını almaq üçün bölgələrdə qızların təhsilə cəlb olunması istiqamətində mühüm maarifləndirmə işlərinin aparıldığı və bu kimi tədbirlərin silsilə şəkildə keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Seminar diskussiya şəkilində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb. Məktəb kollektivinə Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap olunmuş kitablar, eləcə də DQİDK nəşri olan “Cəmiyyət və din” qəzeti hədiyyə edilib.