Balakəndə maarifləndirmə tədbiri keçirilib
19 oktyabr 2022, 07:07

Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH), rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin, rayon Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Talalar 2 saylı kənd tam orta məktəbində “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” adlı seminar keçirilib.

Seminarda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev, Balakən RİH-nin nümayəndəsi Aynur Omarova, rayon Gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, rayon Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşı Osman Əliyev, məktəbin müəllim və yuxarı sinif şagirdləri  iştirak ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərləri önəmli rol oynayır. 

Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Həmrəyliyimiz, milli birliyimiz gücümüzdür” adlı film nümayiş olunub və seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.