Balakəndə maarifləndirmə tədbiri keçirilib
08 iyun 2022, 07:57

İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Akademik Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbində “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Aynur Omarova, rayon RTŞ-nin aparıcı məsləhətçisi Sevinc İbadova, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, Gənclər Evi Sosial Xidmət müəssisəsinin əməkdaşı Osman Əliyev, məktəbin direktoru Yeganə Zamanova, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı multikulturalizmin xalqımızın həyat tərzinin bir hissəsi olduğu, ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı qeyd olunub, məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər, dini təəssübkeşlik, ekstremizm və radikalizmlə mübarizənin zəruriliyi vurğulanıb. Həmçinin bu mübarizədə cəmiyyət olaraq hər bir fərdin üzərinə düşən öhdəliklərə diqqət çəkilərək, təhsilə yiyələnmək, öz hüquqlarını bilmək, düzgün dini bilgilərə malik olmaq, milli-mənəvi, tolerant dəyərlərimizə bağlı olmağın cəmiyyətin sağlam gələcəyinin təminatçısı olduğu diqqətə çatdırılıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.