Balakəndə “Əbədi Lider - Heydər Əliyev!” mövzusunda tədbir təşkil edilib
08 may 2025, 02:04

Mayın 7-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsinin, Balakən Rayon İcra Hakimiyyətinin (RİH), Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə Təhsil sektorunun və Şəki-Zaqatala  Regional Gənclər və İdman İdarəsinin (RGİİ) Balakən rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Balakən şəhəri Akademik Zərifə Əliyeva adına 3 saylı tam orta məktəbdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Əbədi Lider - Heydər Əliyev!” mövzusunda tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin əməkdaşı Elməddin Atakişiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Hacı Muradov, Şəki-Zaqatala RGİİ-nin Balakən rayonu üzrə gənclər və idman sektorunun nümayəndəsi Nurlan Şibliyev, Balakən rayonu Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşı Sərxan Hacıyev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.  
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri xatırlanaraq qeyd edilib ki, xalqımız onun anadan olmasının ildönümünü hər il böyük ehtiram və coşqu ilə qeyd edir. Vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni nailiyyətlərlə zənginləşdirilir.
Tədbirin sonunda DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış "Heydər Əliyev 100: Mənəviyyata bağlı ömür" adlı sənədli film nümayiş edilib.