İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Balakən Rayon Heydər Əliyev Mərkəzində “Dini ibadət yerləri memarlıq irsimizin tərkib hissəsi kimi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən RİH-in əməkdaşı Arzu Əliyeva, Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Leyla Muradova, kitabxana əməkdaşları və gənclər iştirak ediblər.
Çıxışlarda dini ibadət yerlərinin Azərbaycanın zəngin memarlıq irsinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanıb, onların tarixi, mədəni və mənəvi əhəmiyyətindən bəhs edilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra tarixi-mədəni irsin, o cümlədən dini ibadət yerlərinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib, bu sahədə möhkəm hüquqi baza formalaşdırılıb.
Bildirilib ki, dini ibadət yerləri yalnız dini ayinlərin icra olunduğu məkanlar deyil, həm də xalqımızın milli-mənəvi dəyərlərini, tarixi yaddaşını və memarlıq ənənələrini yaşadan mühüm irs nümunələridir. Bu abidələrin qorunması və gələcək nəsillərə çatdırılması ümummilli dəyərlərimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.