Balakəndə 26 İyun-Silahlı Qüvvələr Günü münasibəti ilə konfrans keçirilib
23 iyun 2023, 08:44

İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi (DQİDK), Balakən rayon Tarix-Diyarşünaslıq muzeyi və Balakən rayonu “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Balakən rayon Tarix-Diyarşünaslıq muzeyində 26 İyun-Silahlı Qüvvələr Günü münasibəti ilə “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda konfrans keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Nurlan Şibliyev, Balakən RİH-nin əməkdaşı Şamil Nuriyev, Balakən rayonu “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları Osman Əliyev və Fuad Mikayılov, Balakən rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Turan Musayev, Vətən Müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə olduğu kimi ordu quruculuğu sahəsində də yeni bir inkişaf mərhələsinin əsasını qoydu. Bu müdrik siyasət Prezident cənab İlham Əliyev tərəfindən bugün də uğurla davam etdirilir. Tədbirdə dini ekstremizmin yaratdığı fəsadlar və dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu mövzusunda geniş söhbətlər aparılıb. Vurğulanıb ki, gənclərin dini ekstremizm bəlasından uzaq olmasında onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərimizə bağlı olması böyük əhəmiyyət kəsb edir.