Balakən rayonunda seminar-müşavirə keçirilib
07 oktyabr 2022, 07:43

Oktyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi (DQİDK), Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Balakən rayon Hənifə kənd Abbas Səhhət adına tam orta məktəbində “Hamılıqla narkotiklərə yox deyək!” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, Balakən RİH-in nümayəndəsi Aynur Omarova, DİN Polis Akademiyasının Əməliyyat Axtarış Kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Orxan Məmmədov, Balakən rayon Polis şöbəsinin əməkdaşı Sahil Bayramov, rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, Gənclər evi Sosial xidmət müəssisəsinin əməkdaşı Fatma Tinətiyeva, Balakən rayonu Qazma kənd “Cümə” məscidinin imam müavini Rəcəb Qurbanov, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunaraq qeyd edilib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Narkomaniyanın yaranma səbəbləri və ona qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilərək vurğulanıb ki, narkomaniya ilə mübarizə istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Bildirilib ki, sağlam nəslin formalaşmasında, gənclərin və yeniyetmələrin narkomaniya bəlasının təsirindən  qorunmasında maarifləndirmənin xüsusi əhəmiyyəti var.

Tədbirin yekununda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və maarifləndirici ədəbiyyat paylanılıb.