Bakının Nizami rayonunda maarifləndirmə tədbiri təşkil olunub
12 mart 2025, 06:10

Martın 11-də Nizami Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin birgə təşkilatçılığı ilə 272 nömrəli tam orta məktəbdə “Dini etiqad azadlığı və vicdan” mövzusunda tədbir keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Bəhman Hüseynov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları - Elşən Quluzadə və Fərid Novruzov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda Azərbaycan Respublikasının qanunvericiliyində, Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında iştirakçılara geniş məlumat verilib.  Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən danışılıb. O da diqqətə çatdırılıb ki, Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur.