Bakıda “Zəfər əzəmətli Bayrağımız” mövzusunda tədbir keçirilib
09 noyabr 2025, 09:39

Noyabrın 7-də Xətai Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin birgə təşkilatçılığı ilə General Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbdə “Zəfər əzəmətli Bayrağımız” mövzusunda tədbir keçirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov və Rəşadət Hidayətov, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Səfər Qurbanov, məktəbin direktoru Aysel Sadıqova, müəllim və şagirdlər iştirak ediblər.

Çıxış edənlər bildirib ki, Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşına yüksək vətənpərvərlik duyğuları aşılayır. 30 ilə yaxın bir dövr ərzində Azərbaycan xalqı doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşadı. Bu arzu həm də milli qürurun və xalqın özünüdərkinin ifadəsinə çevrildi. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi bu arzunu reallığa çevirdi. Azərbaycan Ordusu, Ali Baş Komandanın dəmir iradəsi və xalqın sarsılmaz birliyi nəticəsində düşmən məğlub edildi. Zəfər Azərbaycanın müasir tarixində dövlətin gücü, xalqın birliyi və liderliyin əzminin vəhdətini nümayiş etdirdi. Bu gün Azərbaycan artıq öz suverenliyini işğaldan azad ərazilərdə tam şəkildə bərpa etmiş müstəqil dövlətdir. Qarabağda, Xankəndidə, Şuşada və  Laçında dalğalanan üçrəngli bayraq bu həqiqətin təsdiqidir.