Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Pənah İmanov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşı Nuru İmanov, Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının formalaşması və milli dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynayan milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün hər zamankından daha aktualdır. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını təmin edən tarixi Zəfər onun siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, o cümlədən xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib.