Bakıda və regionlarda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
25 sentyabr 2026, 16:39

Sentyabrın 24-də Sabunçu rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Milli-mənəvi dəyərlər və Vətən sevgisi” mövzusunda tədbir keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Sosial-İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov, bölmənin əməkdaşları, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sentyabrın 24-də İmişli rayonunda “Xalqın tarixini və taleyini dəyişən 44 gün” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, RİH başçısı Aparatının əməkdaşları Murad Rzayev, Namiq Ağacanov, rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini icra edən Şamil Cəbrayılov, din xadimləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sentyabrın 24-də 27 Sentyabr – Anım Günü ilə əlaqədar Dövlət Komitəsinin regional bölməsinin müdiri vəzifəsini icra edən Qüdrət Əliyev, din xadimləri Tovuz rayon Şəhidlər xiyabanını ziyarət ediblər.

Sentyabrın 24-də Yevlax rayonunun Xaldan kənd tam orta məktəbində “Suverenlik və dövlətçilik: tarixi yol və müasir reallıqlar” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Valeh Rəşidov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücuma keçdi. 44 gün davam edən Vətən müharibəsində ordumuz 30 illik işğala son qoydu, torpaqlarımızı azad etdi. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi igidlik və şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq. O da qeyd edilib ki, 44 günlük müharibənin uğurlu nəticəsinin böyük tarixi, siyasi, iqtisadi, hərbi və mənəvi əhəmiyyəti var.