Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
16 sentyabr 2026, 03:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi tarixi-mədəni irs nümunələrinin, o cümlədən dini memarlıq abidələrinin mühafizəsi və bərpasına şəhərsalma kontekstində yanaşılması, eləcə də bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Bu çərçivədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sentyabrın 17-də “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, alimlər, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Konfransda dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, onların qorunmasında dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin şəhərsalma mühitində əhəmiyyəti müzakirə olunacaq.

Həmçinin tədbir çərçivəsində “Mədəni-dini irsin qorunması: hüquq, təcrübə və imkanlar”, “Tolerantlıq və multikulturalizm ənənələrinin təşviqində tarixi-dini məkanların əhəmiyyəti” mövzularında panel sessiyaları baş tutacaq.