Dekabrın 22-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: biz birlikdə güclüyük!” mövzusunda konfrans keçirilib.
Konfransda DQİDK və tabeliyindəki qurumların rəhbər şəxsləri, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri, dini konfessiya rəhbərləri iştirak ediblər.
Konfrans çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında Vətən müharibəsində vahid amal uğrunda dəmir yumruq kimi birləşən müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlıların birliyindən, həmrəyliyindən bəhs edən “Dəmir yumruq” sənədli filmi də nümayiş olunub.
Tədbirdə çıxış edən komitə sədri Mübariz Qurbanlı bildirib ki, ötən əsrin 90-cı illərinin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan dövlətinin qarşısında çox mühüm vəzifələr dururdu. Bunlar iqtisadiyyat, beynəlxalq münasibətlər, ölkədaxili siyasət, o cümlədən milli-mənəvi dəyərlərimiz və ideoloji fəaliyyətlə bağlı idi. Bu vəzifələr məhz Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başladı. Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biri də dövlət-din modelinin müəyyənləşdirilməsi idi. Müstəqilliyini bərpa etmiş Azərbaycanın ilk Konstitusiyasında nəzərdə tutulan əsas prinsiplərdən biri dünyəvilik idi. Dünyəvilik Azərbaycanda dövlət-din modelinin əsasını təşkil etdi ki, bütün bunlar da Azərbaycanın qanunvericiliyində, o cümlədən dini etiqad azadlığında əksini tapıb. Azərbaycan Konstitusiyasında vicdan azadlığı təsbit edilib.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanın dövlət–din modeli hazırda dünyada örnək kimi öyrənilir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan islam dünyasının bir parçasıdır. Ölkə əhalisinin 96 faizi müsəlmandır. Bununla yanaşı, Azərbaycanda müxtəlif xalqlarla bərabər, fərqli konfessiyaların nümayəndələri bir ailə kimi yaşamaqdadır. Həmçinin Vətən müharibəsində Azərbaycan xalqı və ölkədə fəaliyyət göstərən dini konfessiyalar vahid bir yumruq ətrafında birləşə bilmişdi ki, bu da ölkəmizdə aparılan düzgün din siyasətinin məntiqi nəticəsi idi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din modeli yeni dövrün çağırışlarına uyğun olaraq daha da inkişaf etdirilib.
Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşasının Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsi olduğunu vurğulayan Komitə sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən 30 illik işğaldan azad olunan ərazilərimizdə ermənilərin dağıtdığı dini abidələrin, o cümlədən məscidlərin bərpasına dair görülən işlərdən də danışıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev deyib ki, xalqımızın öz Lideri ətrafında sıx birləşərək rəşadətli ordumuzun yenilməz şücaəti və şəhidlərimizin qanı bahasına qazanılan böyük Zəfər yolu böyük məşəqqətlərdən keçib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin əbədi olması uğrunda mücadiləmiz böyük siyasətçi, Prezident İlham Əliyevin davamlı səyləri nəticəsində yüksələn xətt üzrə inkişaf edərək bizi Qələbəyə çatdırıb. Heydər Əliyevin məktəbinə, onun ali mənəviyyat ruhuna sadiqlik Prezident İlham Əliyevin dövlətçilik xəttinin uğurunu təşkil edən başlıca amillərdəndir. Bu siyasətin tərkib hissəsi olan nümunəvi dövlət-din münasibətlərindəki uğurlar din xadimləri üçün xüsusi olaraq önəmli və dəyərlidir. “Dövlətimizin başçısının fəaliyyətini səciyyələndirən başlıca cəhət sözlə işin vəhdəti, verilən vədlərə sadiq çıxaraq onlara əməl olunmasıdır”. –deyə QMİ rəsmisi bildirib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycan dünyada tolerantlıq ideyalarını tətbiq edən nümunəvi ölkə kimi tanınır. Bu uğura Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində nail olunub. Ölkə ərazisində yerləşən dini abidələrin qorunması, bərpası və yenidən tikilərək inanc sahiblərinin ixtiyarına verilməsi, dövlət-din münasibətlərinin hüquqi cəhətdən tənzimlənməsi və digər sahələrdə görülən işlər - dini təhsilin keyfiyyət və kəmiyyətcə artırılması istiqamətində verilən qərarlar, sərəncamlar, dövlətin bu sahədə atdığı addımlar, keçirdiyi tədbirlərə diqqət çəkən millət vəkili DQİDK və onun tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını Azərbaycanda dini sahədə həyata keçirilən əsaslı islahatların məntiqi nəticəsi kimi dəyərləndirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycan tarixində 44 günlük Vətən müharibəsindəki parlaq qələbədən sonra yeni səhifə açılıb. Vətən müharibəsində ölkəmizə yönəlik xarici təhdidlərin milli birliyi, həmrəyliyi pozmaq niyyəti daşıdığını qeyd edən R.Həsənov Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşan multikultural mühitin bu mənfur planı iflasa uğratdığını vurğulayıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Prezident İlham Əliyevin dilimizin, dinimizin, mədəniyyətimizin, ümumilikdə dəyərlər sistemimizin qorunması və inkişafına göstərdiyi xüsusi diqqət və qayğı ilə bağlı məqamlara toxunub.
Konfransda, həmçinin, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus-Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, baş rahib Arximandrit Aleksiy, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Azərbaycan Respublikası Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Mirniyaz Mürsəlov çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilən “Biz birlikdə güclüyük!” şüarının bu gün xalqın qalib ruhunun güzgüsü olmasının, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasətinin önəmi və möhkəmləndirilməsinin əhəmiyyəti barədə fikirlərini səsləndiriblər, eyni zamanda dini konfessiya rəhbərləri dinlərə və dinlərarası dialoqun inkişafına, bütün dinlərə aid məbədlərin bərpasına verdiyi dəstəyə, önəmə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Tədbirdə, eyni zamanda Azərbaycan İlahiyyat İnstitutu tərəfindən nəşr edilən dövlət başçısının 6 dildə xalqımızın milli-mənəvi dəyərləri haqqında fikirlərini ehtiva edən “Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimiz haqqında fikirləri” adlı kitabın təqdimatı keçirilib.