Bakıda “Kollec təhsilində mənəvi dəyərlər və kimlik inşası” mövzusunda konfrans keçiriləcək
27 noyabr 2026, 13:46

Noyabrın 30-da Bakıda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Kollec təhsilində mənəvi dəyərlər və kimlik inşası” mövzusunda konfrans keçiriləcək.

Konfransda müasir təhsil sistemində akademik biliklərlə mənəvi tərbiyənin vəhdətinin təmin edilməsi, kolleclərdə təhsil alan gənclərin şəxsiyyət kimi yetişməsində milli-mənəvi dəyərlərin rolu, onların vətənpərvərlik ruhunda formalaşması, fəal vətəndaşlıq mövqeyinin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olacaq.

Tədbir çərçivəsində “Təhsil prosesində akademik biliklərlə mənəvi tərbiyənin inteqrasiyası”, “Müasir dövrün çağırışları və gənc nəslin formalaşması” mövzularında panel sessiyalar təşkil ediləcək. Sessiyalarda qloballaşma və rəqəmsallaşma şəraitində gənclərin dünyagörüşünün inkişafı, informasiya mühitinin onların dəyər seçimlərinə təsiri, təhsil prosesində mənəvi-əxlaqi prinsiplərin təbliği məsələləri müzakirə olunacaq.

Konfransın əsas məqsədi təhsil, mənəvi tərbiyənin qarşılıqlı əlaqəsini gücləndirmək, gənclərin milli kimliyə, tarixi-mədəni irsə, ümumbəşəri dəyərlərə bağlılığını təşviq etməkdir.