Bakıda hərbçilərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib
26 may 2026, 12:26

Mayın 25-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında birgə imzalanan Tədbirlər Planına əsasən Hərbi Polis İdarəsinin I bölməsində “Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin inkişafı və qorunub saxlanılması” və “Radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Hərbi Polis İdarəsinin I bölməsinin rəisi, polkovnik Bəhruz Musayev, Qərargah rəisinin köməkçisi, mayor Rauf Eminli, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Rəşadət Hidayətov və Nuru İmanov, eləcə də şəxsi heyət iştirak ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin milli dövlətçilik ideologiyasının əsas sütunlarından biri olduğu vurğulanaraq, bu ideologiyanın ölkədə sabitliyin, vətəndaş həmrəyliyinin və milli birliyin formalaşmasında mühüm rol oynadığı qeyd edilib. Bildirilib ki, milli-mənəvi dəyərlərin qorunması və təbliği cəmiyyətin mənəvi sağlamlığının təmin olunmasında əsas istiqamətlərdən biridir və bu sahədə maarifləndirmə tədbirləri sistemli şəkildə davam etdirilməlidir.

Eyni zamanda radikal dini cərəyanların yaratdığı təhlükələr, onların gənclərin düşüncə tərzinə, ictimai sabitliyə və milli-mənəvi mühitə göstərdiyi mənfi təsirlər barədə geniş məlumat verilib. Çıxış edənlər qeyd ediblər ki, bu kimi zərərli ideologiyalara qarşı mübarizədə düzgün dini maarifləndirmənin aparılması, sağlam ideoloji mühitin formalaşdırılması və dövlət qurumları ilə dini strukturlar arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə həmçinin şəxsi heyətin və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi, milli dəyərlərə sadiqlik hissinin artırılması və ekstremizmə qarşı ideoloji dayanıqlığın formalaşdırılmasının vacibliyi vurğulanıb.