Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon Polis İdarəsinin (RPİ) təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizə qarşı mübarizə metodları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Amal Məlikov, Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ziya Əliyev və RPİ-nin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RPİ-nin rəisi Ziya Əliyev ölkəmizdə hüquq-mühafizə orqanları tərəfindən dini radikalizm və ekstremizə qarşı aparılan mübarizə tədbirlərinin vacibliyini vurğulayıb. Bununla yanaşı, o, dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizə məqsədilə müvafiq qurumların fəaliyyətinin əlaqələndirilməsinin önəmini diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov dini radikalizm və ektremizm anlayışlarının tarixi və yaranma səbəbləri barədə məlumat verib. N.İmanov qlobal təhlükəyə çevrilmiş dini radikalizm, ekstremizmlə mübarizə istiqamətində ölkəmizdə görülən tədbirlərin əhəmiyyətindən söz açaraq dini maarifləndirmə ilə bağlı təlim-seminar və görüşlərin təşkil edilməsinin zəruriliyini qeyd edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.