Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri Nizami rayonu şəhid Kamil Eyyubov adına 12 nömrəli tam orta məktəbində “Dini fanatizm, radikalizm, ekstremizmə qarşı mübarizə istiqamətində dini maarifləndirmə” xarakterli tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Kamil Eyyubov adına 12 nömrəli tam orta məktəb direktoru Kamran İsalı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov, Elşən Quluzadə və məktəb şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycan Respublikasının qanunvericiliyində əks olunmuş dini radikalizm, ekstremizm haqqında müddəalar iştirakçılara geniş məlumat verilib, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu, hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən danışılıb. Tədbirdə dini radikalizmin, dini ekstremizmin, fanatizmin cəmiyyətimizdə insan hüquq və azadlıqlarına yaratdığı fəsadlar və onlara qarşı aparılan mübarizə yolları haqqında ətraflı məlumat verilib.
Diskussiya formatında keçən görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.