İyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) ilə görüşüb.
Görüş zamanı Komitə sədrinin müavini Azərbaycandakı dinlərarası harmoniya, eləcə də multikultural və tolerant dəyərlərə verilən önəmdən, dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə hər il ölkəmizdə fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini qurumlara maliyyə yardımının edilməsi onların fəaliyyətini dəstəkləməklə yanaşı, cəmiyyətdə etnik-dini müxtəlifliyin qorunması və multikultural dəyərlərin daha da inkişaf etdirilməsinə töhvə verir.
Bakı və Azərbaycan yepiskopu Aleksiy səmimi görüşə görə təşəkkürünü bildirərək qeyd edib ki, etnik, dini dözümsüzlüyün tüğyan etdiyi dünya fonunda dini icmalara qarşı münasibətdə ayrı-seçkiliyin olmaması, onların inkişafı üçün dövlət tərəfindən münbit şəraitin yaradılması Azərbaycanı fərqləndirən başlıca xüsusiyyətlərdəndir. Ölkəmizdə çalışmaqdan olduqca məmnun olduğunu deyən qonaq yerli mədəniyyətlə daha da yaxından tanış olmaq, Azərbaycanın adət-ənənələrini və dilini öyrənmək istəyini ifadə edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Aleksiy (Smirnov) cari ilin may ayının 30-da Moskva və Bütün Rusiya Patriarxı Krillin və Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə Bakı və Azərbaycan Yeparxiyasına yepiskop təyin edilib.