Bakı, Qax və Qubada Xocalı soyqırımının qurbanları anılıb
27 fevral 2026, 18:29

Fevralın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin təşkilatçılığı ilə “26 Fevral – Xocalı Soyqırımı” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə Komitənin Bakı regional bölməsinin müdiri Anar Kazımov, regional bölmənin məsləhətçiləri Cahangir Məmmədov və Elşən Quluzadə, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Atif İsmayılov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Xocalı faciəsi Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən amansız qətliam nəticəsində yüzlərlə günahsız insan həyatını itirib. Bu hadisə xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb.
*** *** ***
Fevralın 26-da Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi”, Əlibəyli kəndi “Müqəddəs Nino” kilsələri, eləcə də Qəbələ rayonu Nic qəsəbəsi Müqəddəs Yelisey adına “Cotari” kilsəsi tərəfindən Xocalı soyqırımı qurbanlarının ruhlarına dualar oxunub və şamlar yandırılıb. Şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.

*** *** ***
Fevralın 26-da Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icması tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım mərasimi keçirilib. Anım mərasimində Xocalı qurbanları üçün dualar oxunub.