Dekabrın 27-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanında dini maarifləndirmə xarakterli tədbir təşkil olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşları iştirak ediblər.
“COVİD – 19” epidemiyası ilə bağlı tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına uyğun keçirilən tədbiri Limanın baş direktorunun müşaviri Azər Əfəndiyev açaraq tədbirin məqsədi barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir, dini etiqad azadlığının təmin olunması üçün hər bir şərait yaradılıb.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov çıxış edərək Azərbaycanda tarixən tolerantlıq mühitinin mövcudluğunu, hazırda ölkəmizdə müxtəlif dini konfessiyalar arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Şöbə müdiri bildirib ki, dini mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşları azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər və 44 günlük Vətən müharibəsində düşmənə qarşı çiyin-çiyinə mübarizə aparıblar.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov milli dövlətçiliyin möhkəmlənməsində dini həmrəyliyin rolundan bəhs edərək dünyəvi dövlət sisteminin dini etiqad azadlığı üçün hərtəfəli şərait yaratdığını vurğulayıb.
Tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.