Qarabağ silsiləsinin ətəyində yerləşən Badara kəndi Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında olmuşdur.
Badara kəndi Xocalı rayonunun alban abidələri ilə zəngin ərazilərindəndir. Kənddə 3 alban abidəsi qeydə alınmışdır. Onlardan biri kənd mərkəzindən 7–8 km aralıda – meşəlik ərazidə yerləşən Badara monastırıdır. Abidə Azərbaycan Respublikası Mədəniyyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarixi-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Kompleksin ərazisindən aşkar edlmiş 12 epiqrafik yazı və kitabələrə əsasən monastırın XII-XIII əsrlərdə tikilmiş olması müəyyən edilir. Badara monastırı ərazisində 1156, 1165, 1193, 1216-cı illərə aid xaçdaşlar aşkar edilmişdir. Monastır ərazisindən tapılmış xaçdaşlar süvari rəsmləri həkk olunmuş, bədii ornamentlərlə zəngin kompozisiyaya malikdir.
Ümumilikdə monastır kompleksinə on üç dini və mülki tikili daxildir. Həmçinin kompleks ərazisində daha dörd binanın xarabalıqları vardır. Kompleksə daxil olan tikililərin hamısı müəyyən dərəcədə dağılmış vəziyyətdədir. Onların hamısının damları dağılmış, bəzilərinin divarlarında uçuqlar əmələ gəlmişdir. Binaların hamısı birnefli olmaqla tağtavanla örtülmüşdür. Binaların inşasında kobud yonulmuş daşlardan istifadə edilmişdir.
Monastır kompleksinin diqqət çəkən xüsusiyyətlərindən biri də, düzbucaqlı formaya malik altar apsidalarıdır. Erkən orta əsrlər Qafqaz Albaniyası üçün xarakterik olan bu cür formalı apsidaları Şəki, Zaqatala, Qarabağ və Sünik abidələrində müşahidə etmək olur.
1992-2020-ci illər boyu ərazi işğal altında qaldığı dövrdə abidə ermənilər tərəfindən ciddi dağıntılara məruz qalmış, abidənin daxilinə və ətrafına ermənilər tərəfindən xeyli sayda müasir şəraitdə işlənmiş saxta xaçdaşlar basdırılmışdır.