Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində əldə etdiyi uğurlar nümunə kimi göstərilir
11 iyul 2016, 12:28
Müasir dövrdə sivilizasiyalar arasında dialoqun ən mühüm vasitələrindən biri multikulturalizmdir. Bu anlayışın mahiyyətində cəmiyyəti daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara təşviq etmək cəhdləri var. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmət bəsləməklə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. 
Tranzitar proseslərin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini zamanın aktual məsələlərindən birinə çevirib. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində müasir dünyada mənəviyyat problemləri də kəskinləşib. Belə zərərli meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi fenomen dəyərlərdən olan tolerantlığa kölgə salır, onun etnik, irqi, dini və siyasi dözümsüzlüklə əvəzlənməsinə rəvac verir. Milli özünəməxsusluğu qoruma instinkti və yaxud da bəhanəsi altında son nəticədə başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük, ksenofobiya halları artır. Belə bir şəraitdə bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir.
 
Dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi başlıca nailiyyətdir
 
Ümumilikdə sivil bəşər cəmiyyəti formalaşandan bəri ayrı-ayrı insan cəmiyyətləri həmişə inteqrasiyaya can atmış, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni məkanın bir hissəsi olmaqla maraqlarını təmin etməyə çalışmışlar. İudaizm, xristianlıq, sonra isə İslam gercəkliyin sosiomədəni, siyasi və iqtisadi qavrayışına təsirin hüdudlarını genişləndirərək bu və ya digər dinin nümayəndələrinin məskunlaşdığı məkanlar formalaşdırmışlar. Fərqli məkanlarda formalaşan etnosların sivil dialoqu, qarşılıqlı anlaşması antik dövrlərdən başlayaraq mürəkkəb təkamül və inkişaf mərhələləri keçməklə tolerantlıq düşüncəsi sayəsində mümkün olmuşdur. Milli, irqi, dini, siyasi dözümlülük tədricən bəşəriyyətin zəngin mədəniyyətinin qəbul olunması, dərk edilməsi, insanın öz fərdiliyini, etnosun özünəməxsusluğunu təsdiqləmək forması kimi dəyərləndirilmişdir. Ən müxtəlif baxış bucaqlarını uzlaşdıraraq ortaq məxrəci təmin edən tolerantlıq düşüncəsi həm də söz, fikir, vicdan, etiqad və s. azadlıqlarının inkişafında, plüralizmə geniş meydan verilməsində həlledici rol oynamışdır. 
Müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə münasibətdə insanın yüksək mədəni səviyyəsi kimi özünü göstərən tolerantlıq həm də onu eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən düşüncə tərzidir. Dözümlülük göstərmədən qarşındakını olduğu kimi qəbul etmək, dünyanın əşrəfi sayılan insana yüksək dəyər vermək mümkün deyildir. Məhz dözümlü yanaşma sayəsində cəmiyyətdə sivil birgəyaşayış normaları, habelə fikir və əqidə müxtəlifliyi, siyasi plüralizm təmin olunur, demokratik ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır. Dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi başlıca nailiyyətdir. Sivilizasiyaların toqquşması nəzəriyyəsinin banisi S.Hantinqtonun yazdığı kimi, tolerantlıq dəyər normativi olaraq kompromisin legitimliyini, həmçinin sosial və siyasi qruplar arasında mövcud olan fərqlərə və ziddiyyətlərə dözümlülüyü özündə ehtiva edir.
 
Sivil əməkdaşlıq məkanı
 
Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə milliyyətcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir həmvətənimizin bu torpaq üçün sahiblik və məsuliyyət hissi yaşaması milli həmrəyliyin bariz təzahürüdür. Azərbaycançılıq ideologiyası bu gün, ilk növbədə, etnik-dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir. 
Xalqımızın əvəzsiz sərvəti olan və böyük qurbanlar hesabına əldə edilən dövlət müstəqilliyinin son illər əzmlə qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin dönmədən həyata keçirilməsi, vətəndaşların təhlükəsizliyinin, rifahının təmini sahələrində qazanılan uğurlar Azərbaycanın sürətli dirçəliş dövrünə qədəm qoymasına səbəb olmuşdur. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin müdrikliklə irəli sürdüyü mütərəqqi həmrəylik ideyaları ötən müddətdə ictimai şüurda daha da möhkəmlənmiş, yeni dövrün tələblərinə uyğun zənginləşdirilmiş, vətəndaş sülhü üçün möhkəm təmələ çevrilmişdir. 
Azərbaycan xalqı sivil, demokratik və dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan etsə də, respublikamızda dinə dövlət qayğısı bu gün də qabarıq hiss olunur. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Son illər dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün qüvvə və potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.
 
Azərbaycanda müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyada təqdir olunur
 
Azərbaycanda aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi onların ümumi taleyi, gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbulda bildirib: “Azərbaycanda vətəndaş cəmiyyəti formalaşıb. Cəmiyyət vahid amal uğrunda birləşib. Azərbaycanın gələcək inkişafı ilə bağlı, inkişafa gedən yollarla bağlı cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Xalq-iqtidar birliyi bu gün bizim inkişafımızın əsas şərtidir, sabitliyimizin əsas amilidir. İctimai-siyasi sabitlik göydən düşmür. Buna nail olmaq üçün düşünülmüş siyasət aparılmalıdır. O siyasət ki, xalqın tələblərinə, ümidlərinə cavab verir”.
Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşmə spontan şəkildə həyata keçirilə və bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Milli Fəaliyyət Proqramının “İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri”ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır. 
Ölkə başçısının milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti müasir dövrün reallıqları ilə şərtlənir. Prezident İlham Əliyev bildirib: “Azərbaycan sivilizasiyaların dialoq işinə töhfə verməyə çalışır. Ölkəmiz müxtəlif dinlərin nümayəndələri arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edən çoxsaylı tədbirlər keçirir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir, bütün millətlərin və dinlərin nümayəndələri ölkəmizdə sülh, anlaşma şəraitində yaşayırlar”.
BMT-nin təsnifatına əsasən, ümumi daxili məhsul istehsalının həcminə görə “Yuxarı inkişaf etmiş ölkələr” qrupuna daxil olan Azərbaycan bu gün özünün milli inkişaf modeli ilə dünya iqtisadiyyatında xüsusi çəkisi olan Malayziya, Cənubi Koreya, Sinqapur və digər ölkələrin sırasına daxil olmaq niyyətindədir. Başqa sözlə, respublikamız yeni dünya nizamının tələb etdiyi vəzifələrin həyata keçirilməsi prosesində öz zəngin imkanlarından səmərəli yararlanır, insan və təbii resurslarına, sosial-iqtisadi bazasına, yerləşdiyi ərazinin təbii-coğrafi şəraitinə güvənərək müasir cəmiyyət formalaşdırmağa çalışır. Dünyanın iqtisadi cazibə və təsir mərkəzinin Qərbdən Şərqə yönəldiyi bir tarixi dönəmdə Azərbaycanın strateji önəmi və bənzərsizliyi onun Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi, sivil əməkdaşlıq və dialoq məkanına çevrilməsi ilə şərtlənir. Bakıda ildə bir dəfə keçirilən beynəlxalq humanitar forumlar müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, BMT Sivilizasiyalar Alyansının bir müddət əvvəl Bakıda keçirilmiş VII Qlobal Forumu Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində əldə etdiyi uğurların müasir dünyaya təqdimatı baxımından geniş imkanlar açmışdır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanda bu formatda tədbirlərin keçirilməsi çox mühüm hadisə kimi qeyd oluna bilər.
Multikulturalizmin alternativinin özünütəcrid olduğunu bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Azərbaycanda yaşayan xalqlar əsrlər boyu multikulturalizm şəraitində yaşayıblar”. 
Multikulturalizmə meyillərin gücləndirilməsi üçün ölkəmizdə bütün zəruri tədbirlər həyata keçirilir. Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də təqdir olunmaqdadır.
Elnur HACALIYEV,
“Azərbaycan”