Azərbaycanda yaşayan pravoslavlar Pasxa bayramını qeyd ediblər
06 may 2024, 02:59

Azərbaycanda yaşayan pravoslavlar əsas xristian bayramlarından olan Pasxanı qeyd ediblər.

Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində Pasxa ibadətləri şənbə günündən bazara keçən gecə başlayıb. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar yandırıblar.

“Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinin baş keşişi, ieromonax Qeorqiy Budaqov şimal bölgəsində yaşayan xristianların Pasxa bayramını hər il yüksək səviyyədə qeyd etdiklərini bildirib. Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə mayın 5-də qeyd edilir. 

***

Pasxa bayramı Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində də qeyd edilib. Qərb bölgəsində yaşayan pravoslavlar ötən gecədən başlayaraq məbədə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd ediblər. Bu gün səhər saatlarında icra olunan mərasimlərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndələri iştirak ediblər. Bayram münasibətilə icra edilən ayinlərdən öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pravoslavlara ünvanladığı təbrik məktubu oxunub. Ölkəmizdə daimi sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanıb, şəhidlərin ruhuna dualar oxunub. Sonra Pasxa bayramında vacib sayılan bir sıra dini ayinlər icra edilib, şamlar yandırılıb, dualar edilib. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Rus Pravoslav Kilsəsinə bayram sovqatı göndərilib.

***

İsmayıllı rayonunun İvanovka kəndində Müqəddəs Pasxa bayramı qeyd edilib. "Molokan-ruhani-xristian" dini icmasına məxsus ibadət evində əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pasxa bayramı ilə bağlı təbriki oxunub. Daha sonra dini ayinlər icra edilib və Vətən uğrunda şəhid olanların ruhuna dualar oxunub. Qeyd edək ki, mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyəti və DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları iştirak ediblər.

***

Mayın 4-dən 5-nə keçən gecə Bakıda da Müqəddəs Pasxa bayramı qeyd edilib. Məbədlərə gələnlər ibadət edib, şamlar düzüblər. Bayram ərəfəsində pravoslav xristianları icmasına təbrik ünvanlayan Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan müxtəlif dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad mühitinin, demokratik birgəyaşayış prinsiplərinin mövcud olduğu unikal bir məkandır və dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir. “Cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və dini azlıqları, o cümlədən xristian vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər”, - deyə dövlətimizin başçısının müraciətində bildirilir. Bayram ibadəti Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində də olub. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi, baş keşiş Konstantin Pominov  qeyd edib ki, Azərbaycan ərazisində həmişə çoxsaylı millətlər və xalqlar yaşayıb. Onlar müxtəlif dinə sitayiş ediblər. “Qədim zamanlarda indiki kimi bütün bu xalqlar təkcə dinc yanaşı yaşamırdılar, onlar həm də əməkdaşlıq edir, bir-birinə kömək göstərir, öz övladları və nəvələri naminə bu torpaqda yaşayıb, əkib-becəriblər, ailə qurub, bir-birini seviblər”, - deyə baş keşiş bildirib. O, bu il Pasxanın Azərbaycan üçün ərazi bütövlüyünün bərpa olunduğu mühüm məqamda keçirilməsi faktını əlamətdar adlandıraraq deyib: “Biz təcavüzkarın işğal etdiyi əraziləri geri qaytardıq, Qarabağı azad etdik. Şuşada, Xankəndidə və ölkəmizin işğaldan azad edilən bütün rayonlarında həyat bərpa olunur”. Milliyətindən və dini etiqadından asılı olmayaraq bütün xalqı Pasxa münasibətilə təbrik edən Konstantin Pominov əlavə edib: “İstərdim ki, sülh, sevgi və xeyirxahlıq insanlarımızın qəlbində daim olsun, Uca Yaradan torpağımıza xeyir-dua, bizə xeyirxah işlər üçün güc versin. Ölkəmizə mənəvi, mədəni və maddi tərəqqi arzulayıram”. 

(AZƏRTAC)