Azərbaycanın pravoslav xristianları ən mühüm dini bayramlardan birini - Pasxanı qeyd ediblər. Şənbədən bazar gününə keçən gecə Bakıda və ölkənin digər bölgələrindəki pravoslav kilsələrində Pasxa mərasimləri keçirilib. Bu zaman xaç yürüşü keçirilir, səhər ibadətində dualar oxunur, Pasxa şirin çörəyi ilə xeyir-dua verilir. Pasxa xristianlığın ən qədim və əlamətdar bayramlarından biridir, İsa Məsihin dirilməsinin sevincinin rəmzi sayılır. Pravoslav təqviminə əsasən, bu il Pasxa günü aprelin 20-də qeyd olunur. Ənənəyə görə, bayramdan əvvəl sonuncu cümə axşamı dindarlar Pasxa şirin çörəyi bişirir, axşam isə bayrama hazır olurlar. Şənbə günü bu ləzzətlər xeyir-dua üçün kilsəyə gətirilir və şənbə günündən bazara keçən gecə Pasxa bayramının başlanğıcını və Məsihin dirilməsi bayramını qeyd edənlər xaç yürüşündə iştirak edirlər.
Bakı, Gəncə, Xaçmaz, Lənkəran, İsmayıllı, Qax və İmişlidə keçirilən mərasimlərə icra hakimiyyətlərinin nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölmələrinin əməkdaşları, eləcə də xristian icmasının üzvləri qatılıblar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bayram ərəfəsində pravoslav xristian icmasına təbrik ünvanlayıb. Dövlət başçısı vurğulayıb ki, zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmayıb, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılıb. “Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər” -deyə təbrik məktubunda bildirilir.