Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov “Qəlb Diplomatiyası: dil, ədəbiyyat, hüquq - sülh quruculuğu və mədəniyyətlərarası dialoqa aparan yol” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
Özbəkistan Respublikasının Daşkənd şəhərində ABŞ-nin Baskerville İnstitutu və Özbəkistan Gənclər İttifaqının birgə təşkilatçılığı ilə 27-29 aprel tarixlərində baş tutan tədbir Özbəkistanda və ABŞ-nin Yuta ştatında fəaliyyət göstərən mədəni, akademik dairələrin əməkdaşlığı çərçivəsində təşkil olunub. Konfransda müxtəlif ölkələri təmsil edən alimlər, ekspertlər, mütəxəssislər iştirak ediblər.
Aİİ-nin rektoru Aqil Şirinov “Dil, kimlik və qlobal mənsubiyyət” adlı panel müzakirədə “İnam, kimlik və mənsubiyyət: qloballaşan dünyada teoloji təhsilin rolu” mövzusunda çıxış edib. Aqil Şirinov Azərbaycanda dövlət-din münasibətlərinə toxunaraq bildirib ki, bu münasibətlər hüquqi sekulyarlıq prinsipi əsasında tənzimlənir. Bu prinsip dövlətin dinə neytral yanaşmasını, eyni zamanda bütün dini icmalar üçün bərabər şəraitin yaradılmasını təmin edir. O qeyd edib ki, bu model həm dini müxtəlifliyin qorunmasına, həm də cəmiyyətdə sabitliyin və harmoniyanın saxlanmasına xidmət edir.
Rektor çıxışında qloballaşma şəraitində dini təhsilin əhəmiyyətinin artdığını diqqətə çatdırıb. Qeyd edib ki, müasir dünyada dil, kimlik və mənsubiyyət anlayışları getdikcə daha mürəkkəb və çoxqatlı xarakter alır. Qloballaşma prosesi fərqli mədəniyyətlər və inanclar arasında qarşılıqlı təsiri gücləndirsə də, fərdlərin öz kimliklərini qorumaq və ifadə etmək ehtiyacını da artırır. Bu baxımdan, dini təhsilin inklüziv, obyektiv prinsiplər əsasında təşkili xüsusi əhəmiyyət daşıyır.
A.Şirinov Azərbaycan İlahiyyat İnstitutunda tətbiq edilən tədris modelinin dini biliklərin teoloji, fəlsəfi, sosioloji, tarixi aspektlər üzrə öyrənilməsinə imkan yaratdığını, dinlər, dini cərəyanlar barədə tədris aparıldığını da diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, institutda tədris prosesi neytrallıq və elmi obyektivlik prinsipləri əsasında qurulub. Burada müxtəlif dinlər, dini cərəyanlar və məzhəblər haqqında balanslı və qərəzsiz məlumat verilir. Bu isə tələbələrin fərqli baxışlara hörmətlə yanaşmasını təşviq edir və cəmiyyətdə tolerantlığın güclənməsinə xidmət edir.
Rektor qeyd edib ki, qloballaşan dünyada kimlik məsələlərinin düzgün anlaşılması və idarə olunması üçün həm akademik, həm də ictimai səviyyədə dialoqun genişləndirilməsi vacibdir. Bu istiqamətdə keçirilən müzakirələr fərqli baxışların bir araya gəlməsi, qarşılıqlı anlaşmanın güclənməsi və ortaq dəyərlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, tədbirə ABŞ-nin Briqam Yanq Universitetinin Sülh Quruculuğu layihəsi üzrə tələbə təşkilatının üzvləri, Baskerville İnstitutunun, Yuta Universitetinin tədqiqatçıları və təcrübəçiləri, həmçinin Mərkəzi Asiya və Özbəkistandan olan tələbələr də qatılıblar.