Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecində "Məzun günü" keçirilib
22 iyun 2026, 15:56

İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinin (BİK) "Məzun günü" keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Aİİ-nin rektoru Aqil Şirinov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan Azərbaycan İlahiyyat İnstitutunun ölkədə yüksəkixtisaslı dini kadr hazırlığında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, İnstitutda tələbələrin peşəkar biliklərə yiyələnməsi ilə yanaşı, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və məsuliyyətli şəxsiyyət kimi formalaşmasına xüsusi önəm verilir. Rektor diqqətə çatdırıb ki, 2025/2026-cı tədris ili üzrə Azərbaycan İlahiyyat İnstitutundan 55 bakalavr və 4 magistr olmaqla ümumilikdə 59 tələbə məzun olur. Həmçinin bildirib ki, bu il Bakı İlahiyyat Kolleci ilk məzunlarını yola salır və 15 tələbə təhsilini uğurla başa vurur.

İnstitutun professor-müəllim heyətini və tələbələrini "Məzun günü" münasibətilə təbrik edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, 25 il öncə Dövlət Komitəsinin təsis olunması Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin uzaqgörən qərarlarından biri idi. Bu addımla ölkəmizdə din sahəsində vahid dövlət tənzimlənməsinin əsası qoyuldu. Ramin Məmmədov vurğulayıb ki, keçilən tarixi inkişaf yoluna nəzər saldıqda, milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi və milli ruhun mühafizəsi baxımından həmin qərarın nə qədər strateji əhəmiyyət daşıdığı aydın görünür. O bildirib ki, dövlət tənzimlənməsi formalaşdırıldıqdan sonra bu sahədə peşəkar milli kadr bazasının yaradılması zərurəti meydana çıxdı. Məhz bu məqsədlə, 2018-ci ildə möhtərəm cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu təsis olundu. Hər iki tarixi qərar ölkəmizdə mənəvi sabitliyin və dini təhlükəsizliyin qorunması istiqamətində atılmış fundamental addımlardır.

Komitə sədri vurğulayıb ki, bu gün məzun olan və hazırda təhsilini davam etdirən tələbələr ölkəmizdə din sahəsində peşəkar milli kadr bazasını formalaşdıran ilahiyyatçılardır. O qeyd edib ki, təhsil aldıqları müddətdə dövlətçilik prinsiplərini dərindən mənimsəmələri onların gələcək fəaliyyətində Azərbaycan Respublikasının milli maraqlarının qorunmasına xidmət etməli, milli-mənəvi dəyərlərimizin yad ideoloji təsirlərdən müdafiəsinə, eləcə də xalqımızın zəngin mənəvi irsinin gələcək nəsillərə layiqincə ötürülməsinə töhfə verməlidir. Ramin Məmmədov bildirib ki, bu missiyanın layiqincə yerinə yetirilməsi ilahiyyatçılar üçün yalnız peşə və vəzifə məsələsi deyil, eyni zamanda dövlətə, xalqa və milli-mənəvi irsə sədaqətin ifadəsi olan ali məsuliyyətdir.

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa çıxışında Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən demokratiklik, hüquqilik və dünyəvilik prinsiplərinin əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, ilahiyyat təhsili alan gənclər yalnız peşəkar mütəxəssis kimi deyil, həm də yüksək vətəndaş məsuliyyəti daşıyan şəxslər kimi cəmiyyətin inkişafında fəal iştirak etməlidirlər.

Fazil Mustafa məzunların qarşısında duran əsas vəzifələrdən birinin Azərbaycan dövlətinin maraqlarını qorumaq, milli-mənəvi dəyərlərin yaşadılmasına töhfə vermək, həmçinin cəmiyyət üçün təhlükə yaradan cəhalət, xurafat və mövhumata qarşı mübarizədə fəal mövqe sərgiləmək olduğunu deyib.

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxışında Dövlət Komitəsinin ölkədə dini sahənin tənzimlənməsi, dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində inkişaf etdirilməsi, eləcə də milli-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm fəaliyyət həyata keçirərək cəmiyyətdə yüksək nüfuz qazandığına diqqət çəkib. Azərbaycan İlahiyyat İnstitutunun müəllim və tələbələrinin müxtəlif beynəlxalq platformalarda ölkəni layiqincə təmsil etdiklərini qeyd edib. Bildirib ki, bu nailiyyətlər Azərbaycan gənclərinin yüksək intellektual potensialının və təhsil sistemində formalaşan sağlam mühitin göstəricisidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məzunların uzun illərin zəhməti nəticəsində qazandıqları bilik və bacarıqların artıq praktik fəaliyyətdə tətbiq etmək mərhələsinə qədəm qoyduqlarını deyib. Qeyd edib ki, informasiya imkanlarının sürətlə genişləndiyi müasir dövrdə insanları düzgün istiqamətləndirən, birlik və həmrəyliyə təşviq edən sağlam düşüncəyə və hikmətə daha çox ehtiyac var. Qurum rəsmisi İlahiyyat təhsili alan gənclərin cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və sağlam düşüncənin formalaşmasına mühüm töhfə verəcəklərinə əminliyini ifadə edib.

Tədbir çərçivəsində Qurani-Kərimdən ayələr oxunub, Aİİ və BİK-in tələbələrinin ifasında Hüseyn Cavidin “Vətən”, Əliağa Vahidin “Vətəndir” və Həmzə Nigarinin “Qarabağ” şeirləri əsasında hazırlanmış qəzəl kompozisiyası təqdim olunub.

Tədbirdə Aİİ və BİK-in yüksək akademik göstəricilərlə fərqlənən məzunları, elmi-ictimai fəaliyyətdə fəal iştirak edən müəllimləri və əməkdaşları təltif olunublar. Bu il Azərbaycan İlahiyyat İnstitutu sayca beşinci, Bakı İlahiyyat Kolleci isə ilk məzunlarının təhsilini uğurla başa vurmasını qeyd edib.