Avqustun 28-də Astara rayonunda “Sülh aylığı” çərçivəsində “Dinlərarası və mədəniyyətlərarası əməkdaşlıq sülhün təminatıdır” mövzusunda tədbir keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Astara Heydər Əliyev Mərkəzində baş tutub.
DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Emin Həmidli və Famil Talıbov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara RİH başçısı Aparatının əməkdaşı Elnar Həbibov, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimlərinin iştirak etdiyi tədbirdə dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə, cəmiyyətdə tolerantlıq və qarşılıqlı anlaşmanın gücləndirilməsinə dair fikirlər səsləndirilib, sülhün təmin olunmasında dini dəyərlərin rolu vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti tarixən dini dözümlülüyə, multikultural dəyərlərə böyük önəm verib. Bu gün də bu siyasət uğurla davam etdirilir.