Astarada “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusu müzakirə olunub
17 iyul 2025, 09:31

İyulun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Astara Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Astara Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, Famil Talıbov, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimləri iştirak edib.
Çıxışlar zamanı Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğu qeyd edilib. Vətən Müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu diqqətə çatdırılıb.